Bakıda tolerantlıq və multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə MDB ölkələrindən qonaqların, gənclərin, tədqiqatçıların iştirak etdiyini bildirib: "Tədbirin əsas məqsədi gənclər arasında tolerantlıq, sülhsevərlik ideyalarının  yayılması ətrafında fikir mübadiləsinin aparılmasıdır. Bilirsiniz ki, Azərbaycanın bu sahədə kifayət qədər böyük təcrübəsi var".

 

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Gənclər Fondu gənclər təşkilatlarının, o cümlədən gənclərin fərdi təşəbbüslərini dəstəkləyir, layihələrini maliyyələşdirir. Gənclərin və gənclər təşkilatlarının etnik azlıqlar və multikulturalizmlə bağlı həyata keçirdiyi layihələrdən söz açan Fərhad Hacıyev gələcəkdə də Gənclər Fondunun bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcəyini diqqətə çatdırıb.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov isə bu gün multikulturalizm və tolerantlıq ideyalarının aktual olduğunu söyləyib. O, tolerantlıq və multikulturalizmin hər bir demokratik cəmiyyətin nail olmağa çalışdığı dəyər olduğunu vurğulayıb.

 

Konfrans Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin moderatorluğu ilə çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Almaz Qasımova