Livanın baş naziri ölkəsinə qayıtdı: HƏRİRİ İSTEFA VERMƏDİ
Livanın baş naziri Səid Həriri istefa xəbərini açıqladıqdan sonra ilk dəfə ölkəsinə qayıdıb.
APA TV-nin məlumatına görə, hava limanından birbaşa atası Rafiq Həririnin məzarını ziyarətə gedib.
Onun dönüşünü tərəfdarları şəhərin küçələrinə çıxaraq bayram edib. Onlar baş nazirin gəlişi ilə ölkədə yenidən sabitlik olacağını deyiblər. S.Həririnin istefa bəyanatı Səudiyyə Ərəbistanındakı sünni monarxiyası ilə İrandakı şiələr, habelə onun Livandakı tərəfdaşı olan "Hizbullah" arasındakı toqquşmanı ön plana çəkib.
S.Həriri İranı regionda vəziyyəti destabilləşdirməkdə ittiham edib və özünə qarşı sui-qəsd planının olduğunu deyib. Vətənə dönməzdən öncə isə o, Misir, Kipr və Fransaya qısamüddətli səfər edərək ölkəsindəki vəziyyəti müzakirə edib.
Səid Həriri bu gün Prezident Sarayında təşkil edilən mətbuat konfransında səlahiyyətlərinin icrasına davam edəcəyini açıqlayıb.
Xatırladaq ki, S.Həririnin atası Rafik Həriri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.