Xalq artistləri Fədayə Laçınla bağlı prezidentə müraciət etdi

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçınla bağlı prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunub.

 

APA TV-nin məlumatına görə, müraciəti xalq artistləri Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar.

 

Xalq artisti Mənsum İbrahimov Fədayə Laçının həbs olunmasına təəccübləndiyini, onun cinayət törədə biləcəyinə inanmadığını bildirib: “Onu uzun illərdir tanıyıram. İfası da xoşuma gəlir. Sənətinə də hörmətim var, özünə də. O, vətənpərvər xanımdır. Qarabağlıdır, qaçqındır. Ustadlarla birgə fikirləşdik ki, müraciət imzalayaq. Bizə onun bacısı müraciət etdi. Laqeyd qala bilməzdik. Çünki o, sənət adamıdır və gözəl sənətkardır. Həm də xanımdır. İnanmıram ki, o, cinayət törətsin. Sənət adamı, həm də xanım nə cinayət törədə bilər ki? Biz istəyirik ki, o, azad olunsun”.

 

Fədayə Laçının vəkili Türkel Süleymanlı APA TV-yə açıqlamasında bildirib ki, məhbusların qaçması faktı ilə əlaqədar Fədayə Laçın bir neçə dəfə dindirilib. Sonuncu dindirilmə zamanı həbs olunub: “Fədayə xanım heç vaxt istintaqdan yayınmayıb. Üçüncü dəfə dindiriləndə həbs olunub. İstintaqla könüllü əməkdaşlıq etməyə hər zaman hazırdır”.

 

Vəkil Fədayə Laçının hazırkı durumu barədə də açıqlama verib: “Onun xroniki xəstəliyi var – hepatit. Bunu nəzərə alaraq istintaqın geri qalan müddətində onun ev dustaqlığında və ya zaminlik şəraitində qalması məqsədəuyğun olardı. Dünya təcrübəsində də görünür ki, həbs qərarı nadir hallarda verilir. Təbii ki, cəmiyyət üçün təhlükəli olan insanlar olur. Hətta törətsə belə, onun cinayəti ağır deyil. Fədayə xanım ev dustaqlığı və ya zaminlikdə heç kimin həyatına təhlükə törədə bilməz”.

 

Türkel Süleymanlı qeyd edib ki, Fədayə Laçın haqqında mətbuatda yazılanlar həqiqəti əks etdirmir: “Yalan imic formalaşıb ki, guya Fədayə xanım qaçandan sonra görüşüb. O görüşlər əvvəllər olub. Həmin şəxs ("Qoca" ləqəbli Etibar Məmmədov - red.) qaçandan sonra Fədayə xanımla hər hansı görüşü olmayıb. Fədayə xanım özü mətbuatdan xəbər tutub. Fədayə xanım məhkum olsa da, olmasa da, qəsdən görüntülər, şayiələr yayan şəxslərə qarşı hüquqi işləm görüləcək. Fədayə Laçın “Qoca”nın öldürülməsi xəbərini mətbuatdan öyrəndi. Təəssüfləndi, amma hər hansı faciəvi hadisə görmədim”.  

 

Vəkilin proqnozuna görə, istintaq 8-9 aydan tez bitməyəcək. Buna görə də əsas hədəf istintaq bitənə qədər Fədayə Laçının ən azı ev dustaqlığına buraxılmasıdır: “Biz istəyirik ki, ev dustaqlığına və ya zaminliyə buraxılsın. Ona zamin durmaq istəyən sıravi vətəndaşlar var. Hətta tanınmış saatsaz Hacı da mənə zəng edib dedi ki, Fədayə xanıma zamin durmağa hazırdır”.

 

Türkel Süleymanlı Fədayə Laçının təcridxanada intihara cəhd etməsi ilə bağlı xəbərlərin də əsassız olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli