Bakı sakinlərindən silah və narkotik götürüldü
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xətai rayon sakini Zülfüqar Cəfərovda odlu silah olduğu barədə əməliyyat məlumatı daxil olub.
APA TV-nin xəbərinə görə, həyata keçirilən tədbirlər nəticəsində o, şübhəli şəxs qismində saxlanılaraq Baş İdarəyə gətirilib.
Z.Cəfərovun üzərinə baxış zamanı ondan “Beretta” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb: "Polislər yaxınlaşdılar, dedilər sizdə silah var? Dedim var. Getdik mənim yaşadığım evə, silahı təqdim etdim".
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Paytaxt sakini Ziya Ağayev 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı Nizami rayonu ərazisində 6000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.