Şəhid pilot Urfan Vəlizadə haqqında film çəkilib

Zəhra indi dördüncü sinifdə oxuyur. Düz bir ildir gözləri yolda, qulağı səsdədir. Atası üçün çox darıxır - heç vaxt gəlməyəcəyini bilsə də. O, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, 2016-cı ildə aprel döyüşləri zamanı şəhid olan mayor Urfan Vəlizadə ilə fəxr etdiyini deyir.

 

Zəhra atasının ölümündən sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə daxil olub: "Atamı hər gün gözləyirəm. Darıxıram. Bu gün bura onun qəhrəmanlığı haqqında çəkilmiş filmə baxmağa gəlmişik. O, vətən uğrunda şəhid olub". 

 

Zəhra dərslərini yaxşı oxuduğunu, sinif yoldaşlarına atası haqqında tez-tez xatirələrini danışdığını deyir: "Dərslərimi yaxşı oxuyuram. Çalışıram ki, daha yaxşı olsun. Bilirəm ki, atam məni görür".

 

Ev işlərində anası Könül xanıma yardımçı olduğunu deyən qəhrəmanın qızı bacısı Bətülü çox sevdiyini dilə gətirir: "Bətülə mən baxıram. Amma hərdən. Dərslərim az olanda onunla oynayıram. Çox sevirəm bacımı. Anama da kömək edirəm" .

 

Bu gün onu tanıyanlar, doğmaları, əzizləri "Azərbaycan Bayrağı" ordenli aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında filmin təqdimatına yığışmışdılar.

 

"Təki vətən sağ olsun" adlı filmdə  ailə üzvləri, dostları gənclərimizə nümunə olacaq bir qəhrəman haqqında xatirələrini dilə gətiriblər.

 

Qeyd olunub ki, 2016-cı ilin aprel döyüşlərində mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılov Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq, şücaət göstəriblər. Qəhrəman pilotlarımızın idarə etdiyi “Mi-24” helikopteri Azərbaycan ordusunun mövqelərinə hücum edən düşmən qüvvələrinə böyük zərbə vurub. Onların bu qəhrəmanlığı hücumun dəf olunmasında həlledici rol oynayıb.

 

Hərbi helikopter döyüş tapşırığını uğurla yerinə yetirib qayıdan zaman artıq Azərbaycan ordusunun mövqelərinə güclü hücum həyata keçirmək imkanlarını itirmiş düşmənin əsas hədəfi olub. Şəhid pilotlarımız 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunublar.

 

Filmin layihəsi "Qadın və Cəmiyyət" Vətəndaş Maarifçiliyi İctimai Birliyi tərəfindən Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı