Qarabağ əlili Səlim Müslümovun müavini olsun! - DEPUTATDAN TƏKLİF

"Azərbaycanın dövlət büdcədə sosial sahəyə xüsusi diqqət yetirilir. Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı 50 manatdır. Həmin vəsait təyin olunandan bu günə qədər dəyişməyib. Kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik edilməlidir”. 

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanda bu məsələyə yanaşma fərqlidir: “Azərbaycanda Qarabağ veteranları, Əfqanıstan veteranları, şəhid ailələri var. Onların sayı çoxaldıqca, sosial müdafiəsi ilə məşğul olmalıyıq. Avtobusda gediş haqqı 20 qəpikdir, bu bahalaşacaqsa, onlara verilən vəsait də artırılmalıdır. Çünki xərclər çoxalır. Onların 12 min nəfəri pensiyaçıdır. Vətəndaşımız dövlət orqanından narazı düşməməli, öz haqqını almalıdır”.

 

S.Novruzov əlavə edib ki, Azərbaycanda şəhid ailələr və veteranlar üçün evlər verilir, lakin Əfqanıstan veteranlarına verilmir.

 

Deputat Zahid Oruc da Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlərin artırılmasını təklif edib: “I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır. Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.

 

Z.Oruc təklif edib ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin və Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məşğul olsun.

 

Deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.

 

Milli Məclisin sədri Oqtay Əsədov isə A.Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb.

 

“Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiniz”, - O.Əsədov vurğulayıb.

 

Deputat Qənirə Paşayeva bildirib ki, Qarabağ veteranları təqaüdə çıxanda veteran kimi aldıqları müavinət kəsilir: “Bu, düzgün deyil, müavinət kəsilməməlidir. Çünki o, təqaüdə çıxanda da elə Qarabağ veteranıdır. Bu müavinət onlara döyüş yoluna görə verilir”.

 

Deputat şəhid ailələrinin, əlillərin sığorta haqqı ilə də bağlı təklif səsləndirib: “Hazırda 1200 insanın əlində məhkəmə qətnaməsi var. Məhkəmə qərar çıxarıb ki, bu insanlara vəsait ödənilməlidir. Hara gediriksə, bu prosesə nə vaxt başlayacağı barədə bizə sual verirlər. Ən azı həmin ailələrdən başlayıb, əllərində məhkəmə qərarı olanların məsələsini həll etmək lazımdır”.

 

Spiker Oktay Əsədov deyib ki, maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi baş tutmayıb. Onun sözlərinə görə, Milli Məclisdə televiziyanın analoq sistemindən rəqəmsal yayıma keçirilməsi, həm də səsvermə sisteminin dəyişdirilməsi məsələsi 2018-ci il həll ediləcək: "Çünki 2018-ci ildə AXC-nin, parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq. 2017-ci ildə ezamiyyə xərclərində müəyyən çətinliklər oldu. Buna baxmayaq, biz bütün beynəlxalq təşkilatlarda olan tədbirlərdə iştirak edirdik. Əmək haqları istiqamətində də iş gedir. Gələcəkdə bunun nəticələrini görəcəyik”.

 

Müzakirələrdən sonra gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verilib.

 

Maliyyə naziri Samir Şərifov deyib ki, millət vəkillərinin səsləndirdiyi təkliflər hökumətə çatdırılacaq və bu təkliflər dəyərləndiriləcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı