Daşkəsənə ilk qar yağıb
Daşkəsənə ilk qar yağıb. Dünəndən başlayan intensiv yağışları axşam saatlarında sulu qar, səhərə yaxın isə qar əvəzləyib.
Gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb. İlk qarın qalınlığı dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən kəndlərdə 15-20 santimetrə çatır.
Vaxtsız başlayan sərt soyuqlar rayonun təsərrüfatında müəyyən çətinliklərə səbəb olsa da, ciddi problem yaratmayıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, qarın fəsadlarını vaxtında aradan qaldırmaq üçün rayon icra hakimiyyəti gücləndirilmiş iş rejimində işləyir, kəndlərlə müntəzəm əlaqə saxlanılır, əhalinin fasiləsiz elektrik enerjisi, su və təbii qazla təmini üçün lazımi tədbirlər görülür: "Biz icra hakimiyyəti olaraq payız və qış aylarına hazırlıq işləri ilə bağlı planlar tərtib etmişik. Demək olar ki, rayon ərazisində heç bir problem yoxdur. Qışa tam hazırıq, kənd məktəblərində qaz olmayan yerlər də odunla təmin olunub, şəhər mərkəzi bütöv asfaltlanıb, işıqlanma yüksək səviyyədədir, qaz xətti normal qaydadadır. Demək olar ki, bu gün camaatın heç bir problemi yoxdur".
Soyuq hava şəraitinə baxmayaraq, təhsil və səhiyyə ocaqlarının fəaliyyətində fasiləyə yol verilməyib. Məktəblər, məktəbəqədər tərbiyə müəssisələri fasiləsiz elektrik enerjisi və təbii yanacaqla təmin edilir. Respublika əhəmiyyətli və kəndlər arası yollarda görülmüş tədbirlər nəticəsində nəqliyyat normal işləyir.
Sərt relyefə malik Daşkəsəndə havanın temperaturu mənfi 25 dərəcəyədək aşağı düşə bilir. Ona görə də rayon icra hakimiyyətinin nəzdində yaradılan xüsusi qərargah fasiləsiz fəaliyyət göstərir, soyuq qarlı havanın yarada biləcəyi fəsadları vaxtında daxili imkanlar hesabına aradan qaldırmaq üçün texnika və avadanlıqlar tam hazır vəziyyətdədir.