İlham Əliyev: "Qarabağ münaqişəsi regionda ən böyük təhlükədir"
“Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğuran məsələdir”. APA TV-nin xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
Baş katib bildirib ki, bu məsələnin hərbi yolla həllinin olmadığı aydındır: “NATO-nun bu məsələdə birbaşa rolu yoxdur. Biz münaqişənin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyirik. Ermənistan və Azərbaycan dövlət başçıları arasında görüş barədə eşitmək məni ruhlandırdı. Sizi münaqişəni danışıqlar yolu ilə həll etməyə və hər hansı gərginliyin qarşısını almağa təşviq edirəm”.
Prezident İlham Əliyev isə regional təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi zamanı Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişəni bu sahədə ən böyük təhlükə hesab etdiyini deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan əraziləri uzun illərdir, erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb.
"Əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir", - prezident İlham Əliyev belə deyib.
O həmçinin vurğulayıb ki, münaqişənin həlli yalnız BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında aparılmalıdır. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır.