Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında olub

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

APA TV-nin məlumatına görə, dövlət başçısı İlham Əliyevi NATO-nun baş katibi Yens Stoltenberq qarşılayıb. Sonra Azərbaycan prezidenti ilə NATO baş katibinin görüşü olub. Görüşdə Azərbaycanla NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Prezident İlham Əliyev NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu dilə gətirib. Söhbət zamanı Azərbaycanın Ceyrançöl ərazisində NATO-nun minatəmizləmə əməliyyatlarına verdiyi dəstəkdən məmnunluq ifadə olunub. Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib.

Regional məsələlərin də müzakirə olunduğu görüşdə prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib. NATO-nun baş katibi dəvəti qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv