"Üç dişimin sinirinin çıxarılmasına dözdüm" - MƏŞHUR HEMOFİLİYALI XƏSTƏNİN HƏYAT HEKAYƏSİ
30-a yaxın ölkədə olub. Ekstrimdən, adrenalindən zövq alır. Baxmayaraq ki, ani bir diqqətsizlik həyatı üçün ciddi təhlükə yarada bilər.
APA TV-nin məlumatına görə, bugünkü süjetimizin qəhrəmanı sıradan biri deyil, Azərbaycanda kifayət qədər tanınan bir şəxsdir.
Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov illərdir hemofiliya xəstəliyi ilə mübarizə aparır: “Məndən böyük qardaşım hemofiliyalı olduğu üçün ailəm hazır idi. Və qərar vermişdilər ki, nə olursa-olsun, bu uşaq dünyaya gəlməlidir, biz qəbul edirik. Hemofiliya insana mənəvi və fiziki iztirab verən xəstəlikdir. Əvvəllər bu xəstəlik barədə informasiya qıtlığı var idi”.
O, uzun müddət xəstəliyini gizli saxlayıb: “Necə reaksiya verəcəklərini bilmirdim. Əl əsası ilə gəzirdim. Soruşanda deyirdim ki, qəzaya düşmüşəm. Çünki izah etmək çətin idi. Özüm də dərk edə bilmirdim çox şeyi. Həm də Azərbaycanda məhdudiyyətli olmaq çox çətindir. Metroda, avtobusda hərəkət etmək çox çətindir. Hemofiliyalılar sağlamlıq imkanlarını erkən yaşlardan itirir. Bir travma ilə hər şey bitə bilər. Əlil arabasında olduğum günlər də çox olub. Ümumiyyətlə, yadıma salmağa çalışıram ki, uşaq vaxtı neçə dəfə qonaq getmişəm?”
Fuad uşaqlıqdan bu problemlə yaşamağa öyrəşdiyi üçün fiziki travmalara hazırlıqlıdır. Bir növ refleks yaranıb. Deyir ki, bir dəfə üç dişinin siniri birdən çıxarılmalı imiş. Ona isə iynə vurmaq olmaz. Və Fuad bu ağrıya dözür.
Məhdudiyyətli olmaq istəklərini, ideyalarını həyata keçirmək üçün kifayət qədər çətinliklər yaratsa da, özgüvəni sayəsində cəmiyyət və özü üçün kifayət qədər fəaldır. O, bir yerdə qalmağı bacarmır, daim axtarışdadır. Bu axtarışlar isə sərhədləri aşır. Fuad səyahət etməyi çox sevir: “Bəlkə də ayaqda qalma səbəblərimdən biri səyahətlərdir. İslandiyada akulaları çəkməkdən aldığım zövqü izah edə bilmərəm. Norveçdə 6 saata dağa çıxdım. O dağa çıxanda günəş səninlə görüşür. Çox zövqverici idi. Günəşi qaçırsa idim, 6 saatım hədər olacaqdı. Mən səyahətə gedəndə üzərimdə 3 şey – pasport, viza kartım və içərisində insan qanı olan soyuducu dolab (çantam) olur. İnsan qanı ilə 27 ölkə gəzmişəm. Başqaları qida, geyim götürəndə mənim üzərimdə soyuducu olur”.
34 yaşında 70-ə qədər səfərdə olub qəhrəmanımız. Hemofiliyalı xəstələrdə oynaqlarda problemlər olur. Buna görə də soyuq havada ağrılar çox olur. İslandiya, Hollandiya səfərlərində soyuq iqlim ona bir az əziyyət verib. Amma o, hər səfərində qazandığı adrenalindən zövq alır: “Avstriyada qalaya çıxmaq üçün 480 pilləkən qalxmaq lazım idi. Dostlarım mənə görə imtina etmək istədilər ki, mən kompleks yaşamayım. Onlar düşünənə qədər mən biletləri aldım. Düşünün ki, 20 mərtəbəni dairəvi çıxırsan. Travma aldım, amma Vyananı ən yüksək zirvədən görməyə dəyərdi”.
Fuad Əsgərov artıq peşəkar səyahət məsləhətçisidir. Deyir ki, səyahət insanı cavan saxlayır, motivasiyanı artırır, yeni tanışlıqlar insana çox şey verir. O, xaricdə təkcə səyahət üçün olmayıb. Məhz qan xəstəliklərindən əziyyət çəkən çox sayda uşağın həyatını xilas etdiyi üçün Fransada mükafata layiq görülüb, dünya forumunda da təltif olunub. Yeri gəlmişkən, hemofiliyalı xəstələr üçün nəzərdə tutulan faktoru Azərbaycana 15 il öncə ilk dəfə olaraq məhz Fuad Əsgərov gətirib. Onun növbəti hədəfi Qan Donorları Forumunun Azərbaycanda keçirilməsinə nail olmaqdır.
Fuadın cəmiyyət üçün kifayət qədər faydalı və bu qədər fəal olmasında anasının əməyi böyükdür: “Oğullarım hemofiliyalı olub. Fuadı iməkləməyə qoymamışam. Xəstəxanalarda gördüyüm hemofiliyalı uşaqlardan yüzdən biri salamat qalıb. Böyük oğlum 8 yaşında vəfat etdi. Başım qarışdı, Fuadın dizi əzildi. Elə onda Fuadda hemofiliya xəstəliyi olduğunu başa düşdük. Mən qarşıma məqsəd qoydum ki, uşağımı böyüdəcəm. Dağa çıxdığını məndən gizlədir”.
Fuad Əsgərov ailəlidir. 3 övladı var. Onlar da ataları ilə fəxr edirlər. Elə Fuad da bunun üçün çox çalışır. Hazırda böyük bir layihə üçün hazırlıq gedir: “Bizim şüarımız var – “Qan ver, yaşat!” Amma bu, ölkə daxilindədir. İstəyirik ki, sağlam donorlarımız başqa ölkələrdə uşaqları xilas etsinlər. Ən böyük arzumuz Somalidə qan xəstəliyindən əziyyət çəkən əz azı bir uşağı xilas etməkdir”.
Artıq əcnəbi ölkələrdəki diaspor təşkilatlarına və səfirliklərə müraciət olunub. Biz də öz növbəmizdə Fuad Əsgərova xeyirxahlıq missiyasında uğurlar arzu edirik.