"Kod adı: "Rey" kitabının təqdimat mərasimi keçirilib
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabının təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, kitabda müəllifin 1991-1992-ci illərdə Qarabağda gördükləri xatirə şəklində yer alıb. Rey Kərimoğlu kitabın “APA Holding” tərəfindən ona hədiyyə edildiyini diqqətə çatdırıb: "Bu kitabda Ağdam-Ağdərə istiqamətində baş verən əməliyyatlar və onların detalları haqda məlumatlar yer alıb, xüsusən kəşfiyyat əməliyyatları barədə məlumatlardır. Burda Qarabağ müharibəsində canının fəda vermiş 18 yaşlı şəhidlərimizin adı, döyüş yolu öz əksini tapıb".
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, indiyədək Qarabağ döyüşləri haqqında çoxsaylı kitablar yazılsa da, Rey Kərimoğlunun müəllifi olduğu nəşr bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir: "Kitab xatirələr əsasında yazılıb. Düşünürəm ki, bu kitab Qarabağdan bəhs edən yaxşı bir filmin ssenarisi ola bilər. Çünki Rey Kərimoğlunun kitabında ağrı ilə bərabər böyük vətən sevgisi var".
Əflatun Amaşov müəllifi Mətbuat Şurasının diplomu ilə təltif edib.
Təqdimat mərasimində çıxış edən xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri, Qarabağ Qaziləri Birliyinin rəhbəri və başqaları kitabı Qarabağ müharibəsindən bəhs edən qiymətli mənbə kimi dəyərləndirilib.
Qeyd edək ki, “Kod adı: “Rey” kitabının çapı “APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyi tərəfindən dəstəklənib.
“Qanun” nəşriyyatında çap olunan kitabın redaktoru Səhər Əhməd, korrektoru Əyyar Tahirov, rəssamı ehtiyatda olan polkovnik Tərlan Eyvazovdur.