Misirdə məscidə terror hücumu edilib - ÖLÜ SAYI 235 OLDU
Misirin Sinay yarımadasının şimalında məsciddə partlayış olub. APA TV-nin “Daily Star”a istinadən verdiyi xəbərə görə, hadisə Bir al-Abd şəhərində baş verib.
Misir Səhiyyə Nazirliyindən bildirilib ki, cümə namazı zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb, təxminən 130 nəfərin də yaralandığı deyilir. Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildirib.
Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib. Məscidə hücum etmiş 15 silahlı artıq məhv edilib. APA TV-nin “SkyNews Arabia” telekanalına istinadən verdiyi məlumata əsasən, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlının məhv edildiyi bildirilir.
Misir prezidenti Əbdül Fəttah Əl Sisi müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə təcili toplantı keçirib. Faciə ilə əlaqədar Misirdə üç günlük matəm elan olunub.