Avtomobil qaçıran Masallı sakinindən narkotik vasitə də çıxdı
Masallıda avtomobil qaçıran şəxs saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Hüseynağa Cəfərov Masallı Rayon Polis Şöbəsinə müraciət edərək, noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ 21011” markalı avtomobilin qaçırıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobili Ərkivan qəsəbəsi sakini, 39 yaşlı Müştəba Sadıxovun qaçırdığı müəyyən olunub. Avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda heroin də aşkar edilərək götürülüb.
Masallı RPŞ-nin İstintaq bölməsinin rəisi Anar Xəlilovun sözlərinə görə, "Müştəba Sadıxov dindirilərkən “VAZ 21011” markalı avtomobili talamaq məqsədi olmadan qaçırdığını səmimi etiraf edib, üzərindən aşkar olunan narkotik vasitəni isə şəxsi isdifadəsi üçün saxladığını bildirib".
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.