Zavodda partlayış, meşədə intihar, “maskalı qardaşoğlu” əməliyyatı - KRİMİNAL XRONİKA
Bu həftə də səs-küylü kriminal hadisələrlə yadda qalıb. Həftənin əvvəllərində Lökbatan ərazisində, türk iş adamına məxsus zavodda partlayış olub. Partlayış nəticəsində rayon ərazisində yerləşən alüminium məhsulları müəssisəsinin işçisi Məmmədov Bəhmən Heydər oğlu dünyasını dəyişib, daha bir nəfər ağır xəsarət alıb. İlkin ehtimala görə, partlayış qaz balonunun alışması nəticəsində baş verib.
Lənkəranın Separadi kəndində isə yerli sakin Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində yanğın olub. Yanğın zamanı məntəqənin sahibi və bir kənd sakini yanıq xəsarətləri alıblar. Xəstəxanaya aparılan yanacaqdoldurma məntəqəsi sahibinin vəziyyətinin ağıq olduğu bildirilir. Yanğın yanacaq dolduran boruda baş verən sızma səbəb olub.
Bu həftə cənub bölgəsində iki intihar hadisəsi qeydə alınıb. Lənkəran Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsi Nigar Ələsgərova özünü yeni tikilən hündür mərtəbəli binadan yerə atıb. Ağır vəziyyətdə olan 18 yaşlı qıza hadisə yerində tibbi yardım göstərilib və o xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bədənində çoxsaylı sınıqlar aşkarlanan tələbə qızın intihara cəhd etməsinin səbəbləri bilinmir.
Astarada isə 29 yaşlı Vasif Musayev meşədə intihar edib. Üç uşaq atası olan Şümrüd kənd sakininin meyiti meşəlik ərazidə aşkarlanıb. Vaqif Musayevin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Həftə ərzində ölkə ərazisində çoxsaylı oğurluq cinayətlərinin üstü açılıb. Polis əməkdaşları Bakı kəndlərində 30-dan artıq mənzildən oğurluq edən Nurəddin Orucovu saxlamağa müvəffəq olublar. Bundan əvvəl oğurluq faktına görə üç ay təcridxanada qalmış 21 yaşlı gənc əməllərini etiraf edib.
Balakən rayon Polis İdarəsinin əməkdaşları da məscidlərdən, evlərdən və mağazalardan silsilə oğurluqlar edən cinayətkar dəstəni zərərsizləşdiriblər. Saxlanan dəstə üzvləri Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyev 12 fakt üzrə cinayət törətdiklərini etiraf ediblər. Onların rayon sakinlərinə ümumilikdə 4350 manat ziyan vurduğu müəyyənləşib.
Qəbələdə isə quldurluq faktı qeydə alınıb. Maskalı şəxs Qutqaşınlı küşəsi, 17 ünvanında yerləşən mənzilə zirzəminin pəncərəsindən daxil olaraq, ev sahibəsi, 66 yaşlı Elmira Xasməmmədovaya bıçaqla bir neçə zərbə endirib. Qadının 115 manat pulunu və qızıl üzüyünü aparan şəxs polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanaraq istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, quldurluq hadisəsi törədən şəxs Elmira Xasməmədovanın doğma qardaşı oğlu Natiq Paşabəylidir. Onun hadisədən bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən edilib, götürdüyü qızıl üzük paytaxt mağazalarından birində aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd edək ki, qardaşı oğlu tərəfindən bıçaqlanan 66 yaşlı qadının vəziyyəti ağır olaraq qalır.
Paytaxtın Səməd Vurğun küçəsində yerləşən kafelərdən birində baş verən kütləvi dava isə bıçaqlanma ilə nəticələnib. Müştərilər arasında baş verən mübahisə zamanı Alıyev Fərid Teymur oğluna bıçaq xəsarətləri yetirilib. Tanışı, 1972-ci il təvəllüdlü Fətəliyev İlqar Qərib oğlu onu xəstəxanaya çatdırıb. Yaralını xəstəxanaya qoyub yenidən qayıdan zaman İlqar Fətəliyev də hücuma məruz qalıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə Xətai rayon sakini Zülfüqar Cəfərovdan “Beretta” markalı tapança və 3 ədəd patron aşkar edərək götürüblər.
"Polislər yaxınlaşdılar, dedilər sizdə silah var? Dedim var. Getdik mənim yaşadığım evə, silahı təqdim etdim".
Laçın rayon sakini isə “Naqan” tipli tapançanı satmaq istəyərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Rəşad Gülcumalı adlı şəxs tapançanı 2 min manata satmaq istəyərkən ələ keçib.