Azərbaycanda Qurdbasar it cinsinin nəsli tükənir - DİŞİ KÜÇÜKLƏR ƏN ÇOX HANSI ÖLKƏLƏRƏ DAŞINIR?
"İnsan oğlunun ən sadiq dostlarından biri itdir" deyiblər. Qurdbasar it cinsi isə it növləri arasında həssaslığı, cəldliyi, etibarı ilə seçilir. Lakin insanlarımızın laqeydliyi ucbatından bu it cinsinin nəsli az qala kəsilmək üzrədir. APA TV-nin məlumatına görə, hazırda ölkə ərazisində olsa-olsa, cəmi 200-250 baş Qurdbasar cinsi qalıb.
Qurdbasar cinsi heyvandarlıqla məşğul olan dədə-babalarımızın təsərrüfatının keşikçisi hesab olunub. Lakin dünyada gedən yeniliklər bu cinsə münasibətdə laqeydliyə səbəb olub. Hazırda öz nəslinin törədicisindən olan çox az sayda qanı təmiz Qurdbasar cinsi qalıb: "Bu itlər digər cinslərə görə çox dözümlüdür. Fiziki quruluşuna görə ən sərt havada, 14 dərəcə soyuqda duruş gətirə bilər. Soyuq havalarda mühafizə etdikləri obyektlərə, isti havalarda yuvalarına girmirlər".
Düşmənlə döyüşə çox meylli olan və 13-14 il yaşaya bilən Qurdbasarın əsas xüsusiyyəti təsərrüfatı, sürünü qorumağı, sahibinə qarşı sadiqliyi, pis niyyətli insanı hiss etməsidir. Ən vacibi isə qurda qarşı amansız olmasıdır. Qurdun iyini yüz metrlərlə məsafədən ala bilir. Bu itlər o qədər güclü və iri olur ki, arabanı at kimi darta, çoban olmadan sürünü təkbaşına qoruya bilir. Sonradan çoban iti kimi şöhrət qazanan Qurdbasar başqa cinslərlə qarışdırılaraq cins olmaqdan çıxıb. Halbuki texnoloji inkişaf nəticəsində diqqətdən kənarda qalan Qurdbasar cinsini böyük şəhərlərdə ev şəraitində saxlamaq mümkündür: "Əsasən uşaqlı evlərdə bu itləri saxlamaq effektlidir. Çünki bunların tükü darandıqdan sonra tökülmür. Amma ən tanınmış it cinslərinin tükü tökülür".
Hazırda bir qrup gənc könüllü olaraq bu cinsləri axtarıb tapıb və qoruma altına alıb. Onlar ölkənin hansı bölgəsində olursa-olsun, bir-birini tapır, itlərin döl vaxtı eyni cinsdən olan itlərlə görüşdürür və əldə olunan balanı qeydiyyata alırlar. Baha qiymətə sata biləcəklərini bildikləri halda, satmaq niyyətləri yoxdur. Məqsədləri Qurdbasar cinsinin sayını artırmaqdır: "Bizdən ən çox Türkiyəyə, Dağıstana dişi it küçükləri daşınıb. Qiymətini demək istəmirəm, amma bahalı bildikləri itlərdən ən baha qiymətə satılıb. Bir çox ölkədə olan məşhur itlərin qanında bizim Qurdbasar it cinsinin qanı var".
Qafqaz çoban iti kimi tanınan bu cins əsasən ölkənin Qarabağ bölgəsində - Füzuli, Qubadlı, Laçın və Kəlbəcərdə, həmçinin Quba, Xızı, Şamaxı, İsmayıllı və Qazax rayonları ərazisindəki təsərrüfatlarda yayılıb. Erməni işğalından sonra sayı xeyli azalan təmiz Qurdbasar cinsi hazırda Şamaxı və Quba rayonlarında yetişdirilir. Sahibinə və onun ailəsinə sədaqəti ilə seçilən Qurdbasar yadlara qarşı çox amansız olur. Fiziki göstəricilərinin yüksək olması və sədaqətliliyi onların mühafizəyə cəlb edilməsinə səbəb olur. Hazırda isə əsasən heyvan sürülərini vəhşi heyvanlardan qorumaqda istifadə edilir: "Bizim bəzi rayonlarda əsasən, şimal rayonlarında qrup təşkil edərək itlərimiz ayını zərərsizləşdirib, erkək qabanı öldürüb. Bu itlər çox güclü itlərdir".
Bu cinsin Beynəlxalq Kinoloqlar Federasiyası tərəfindən tanınması üçün müraciət edilib. 2018-ci ildə Azərbaycanda təşkil olunan itlərin sərgisində Qurdbasar milli it cinsi kimi podiuma çıxarılacaq. Bu sərgiyə Qazaxıstan, Gürcüstan və Rusiya Federasiyasından ən tanınmış kinoloqlar dəvətlidir. Sərgidə ilk dəfə olaraq Azərbaycanın Qurdbasar milli it cinsi kimi seçilmiş 3 ən yaxşı it Bolqarıstana və Gürcüstana nümunə olaraq göndəriləcək. Eyni zamanda sərgidə ilk dəfə həmin cins itlərə pasport veriləcək.