Komitə sədrinin müavini: "Azərbaycanda Aşura mərasimlərinə siyasi elementlər qatmaq istəyənlər var"

“Azərbaycanda Aşura mərasimlərinə siyasi elementlər qatmaq istəyən qüvvələr var”. APA TV-nin şimal bürosunun xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDQ) sədr müavini Gündüz İsmayılov Mətbuat Şurası və Qafqaz Müsəlmanları İdarəsi ilə Qubada birgə təşkil olunan “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda konfransda deyib.

 

Onun sözlərinə görə, bu gün də dinlə bağlı təhdid cəhdləri qalır: “Məsələn, son illər biz müşahidə edirik ki, Azərbaycanda Aşura mərasimlərinin başqa ölkələrin tərzinə uyğun keçirilməsinə cəhdlər olunur. Bizdə tarixən Aşura mərasimləri keçirilib və bundan sonra da keçiriləcək, amma təəssüf ki, bəzi dini qruplar, dini dairələr Azərbaycanda Aşura mərasimlərini başqa xalqların ənənələrinə uyğun keçirməyə cəhdlər göstərirlər. Azərbaycanda Aşura mərasimlərində siyasi elementlər heç vaxt olmayıb, amma bu gün həmin mərasimlərə bu elementlərini qatmaq istəyənlər var. Azərbaycanda Aşura məktəbi, İmam Hüseyn məktəbi tarixən şəhadət məktəbidir, amma siyasət məktəbi deyil. Bəzi dini qruplar, hansısa dini dairələr İmam Hüseyn məktəbini siyasət məktəbi kimi təqdim etməyə çalışır”.

 

Komitə rəsmisi din pərdəsi altında Azərbaycan xalqının milli kimliyi ilə dini kimliyini qarşı-qarşıya qoymaq istəyənlərin olduğunu vurğulayıb.

 

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın tolerant ölkə olduğunu, ölkəmizin müsəlman ölkələri ilə xristian ölkələri arasında bir körpü rolunu oynadığını deyib. O, jurnalistlərin bu istiqamətdə materiallar hazırlayarkən dinlə bağlı məlumatlı olmaları və bu istiqamətdə gedən proseslərdən xəbərdar olmaları üçün bu tipli seminarların əhəmiyyətli olduğunu deyib.

Müəllif | Apa.Tv
Vəli Turan