Dəm qazından boğulmaq istəmirsinizsə... - BUNLARA RİAYƏT EDİN!
Havaların soyuması özü ilə yeni qayğılar və problemlər gətirir. Onlardan biri də dəm qazından zəhərlənmələrdir. Qış rəsmən gəlməsə də, artıq dəm qazından ilk ölüm faktları qeydə alınıb.
Nəzərə alsaq ki, qarşıda bizi soyuq, şaxtalı günlər gözləyir, dəm qazından baş verəcək boğulmanın əlamətləri və bu zaman göstəriləcək ilkin yardım barədə məlumatlanmaq zərurəti yaranır.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyir ki, bir ay ərzində onlara dəm qazı ilə bağlı 18 müraciət daxil olub, 11 nəfəri xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, bu kimi hallar əsasən hamam otağında baş verir. Dəm qazının iyi və rəngi olmadığı üçün hiss edilmir. Ancaq əvvəlcədən əlamətlərini bildikdə, bunun qarşını almaq mümkündür: "Birinci əlamətlər hava çatışmazlığı, baş ağrısı, baş gicəllənməsi, bəzi həssas olan xəstələrdə isə ürək bulanması ilə müşahidə edilir. Bu mühitdə qaldıqda, sadaladığım şikayətlər artır. Getdikcə xəstə huşunu da itirə bilər, huşsuz vəziyyətə düşə bilər. Belə əlamətlər hiss etdikdə, mütləq məsləhətdir, yaxud göstərişdir ki, təmiz havası olan mühitə çıxmaq. Bu mühitdən uzaqlaşmalı, daha sonra mərhələ-mərhələ tədbirlər həyata keçirilməlidir".
Bəs huşsuz vəziyyətdə olan xəstələrə ilkin tibbi yardım necə göstərilməlidir? "Huşu üstündə olan xəstələr sadaladığım bütün o simptomatikanı təsdiq edirlər, huşu olarkən hamam otağını tərk edə bilərlər. Ancaq huşsuz vəziyyətdə, mütləq bu növ xəstələrə çox tez bir vaxta köməklik etmək lazımdır, bu mühitdən çıxartmaq, ağız boşluğunu selikdən təmizləmək, kim bacarırsa, süni nəfəs verməlidir. Bacarmırsa, mühitdən ayırsınlar və təcilli tibbi yardıma zəng edib, mütəxəssisləri gözləsinlər. Onlar mütləq müdaxilə etsinlər".
Həkimin sözlərinə görə, dəm qazından zəhərlənməni yüngül keçirənlərdə belə fəsadlar qalır. Bu, özünü daha çox uşaqlarda büruzə verir. O bildirib ki, nəfəsliklər açıq olduğu təqdirdə, hadisənin qarşısını 95 faiz almaq mümkündür.