OPEK-in toplantısı ərəfəsində neft ucuzlaşmağa başlayıb

OPEK-in Vyana görüşü ərəfəsində neft ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, London birjasında “Brent” markalı neftin qiyməti 63,65 dollar səviyyəsinə düşüb, Nyu-York əmtəə birjasında isə Qərbi Texas neftinin bir bareli 57,77 dollardan satılır.

 

Kanadadan Birləşmiş Ştatlara neft nəqli həyata keçirən əsas kəmərlərdən Keyston xəttində baş verən qəza səbəbilə ötən cümə günü WTİ nefti iki illik rekordu yeniləmişdi. Həftə sonu WTİ markalı neft 59,05 dollardan satılmışdı, indi isə qiymətlər 1,3 dollar ucuzlaşıb.

 

Artıq Kanada tərəfi kəmərlə neft nəqlinə hazır olduqlarını bəyan ediblər. İlkin mərhələdə neft aşağı təzyiqlə nəql ediləcək, zaman keçdikcə kəmərlə daşınan neftin həcminin artırılacağı gözlənilir.

 

Bundan başqa ötən həftə ABŞ-da neft hasilatın cəlb olunan buruqların sayının artması da qiymətləri ucuzlaşdırır. Neftin qiymətini dəstəkləyən yeganə faktor Rusiyanın qlobal neft paktının müddətinin uzadılması təşəbbüsünü dəstəkləməsidir. Aleksandr Novak bazarda balans yaranana kimi hasilatın azaldılması prosesinin davam etdirilməsinə tərəfdar olduğunu deyib, bu açıqlama dünən gün ərzində nefti bahalaşdırıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı