Vəliəhdin qəzəbi, gümüş qab-qacaq, ürək həkimləri - SƏUDİYYƏ ŞAHZADƏLƏRİNİN SON GÖRÜNTÜLƏRİ

Səudiyyə Ərəbistanında korrupsiya əməliyyatı nəticəsində həbs olunan şahzadə, dövlət məmuru və iş adamlarının yeni kadrları yayılıb.

 

APA TV-nin BBC-yə istinadən məlumatına görə, Ər-Riyadda 5 ulduzlu "Ritz-Carlton" hotelində saxlanan şəxslərin vaxtlarını necə keçirdiyi görüntülənir.


Hoteldə ölkənin ən zənginlərindən sayılan 200 şəxs vəliəhd Məhəmməd bin-Salmanın onlar barədə verəcəyi fərmanı gözləyir. Onların həbsindən üç həftə keçməsinə baxmayaraq, hələ də konkret bir qərar yoxdur.


Bununla yanaşı, onlara ən yüksək səviyyədə xidmət edilir. Hotelə kənar şəxslərin girməsi mümkün deyil. BBC-nin çəkiliş qrupuna binaya girmək üçün ən yüksək səviyyədə izn verildiyi deyilir.


Çilçıraqları qızıldan olan hoteldə həbs olunanlar xüsusi zalda zaman keçirir. Onların üzlərini və səslərini lentə almaq qadağandır. Dərin sükutu yalnız ittiham olunanların çay içərkən istifadə etdiyi gümüş qab-qacağın cingiltisi pozur. Çəkiliş aparıldığını anlayan şəxslər başlarını belə qaldırmır. Amma öz aralarında astadan söhbət edə bilirlər.


Hoteldə növbə çəkən krallıq prokurorluğundan yüksək rütbəli bir şəxs saxlanılanların əməliyyatdan sonra ölkədən qaça biləcəklərini, məhz bu səbəbdən bura gətirildiyini deyir.

"Ritz-Carlton"un ən zəngin "qonağı" şahzadə əl Vəlid bin-Talaldır. 17 milyardlıq sərvəti ilə o, dünyanın 100 zəngin şəxsi sıralamasında yer alır. Daha bir önəmli şəxs isə Səudiyyənin Milli Qvardiyasının rəhbəri şahzadə Mitəb bin-Abdullahdır.

 

BBC müxbirinin "bu şəxslər vəliəhd üçün problem yarada bilərdimi?" sualına cavab verən prokurorluq nümayəndəsi belə iddiaların əsassız olduğunu, həmin şəxslər barədə iki ildən çoxdur gizli araşdırmalar aparıldığını qeyd edib.


Bundan əlavə onlara işgəncələr verildiyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Səudiyyə rəsmisi bu iddiaları rədd edib. Lakin üzərilərində güclü nəzarətin davam etdiyini vurğulayıb.

 

Bütün bunlarla yanaşı, əməliyyatların davam edəcəyi, həbs olunanların sayının 500-ə qədər artacağı istisna olunmur.

 

Bir neçə gün öncə isə 7 şübhəlinin sərbəst buraxıldığı, hoteldə saxlanılanların az bir hissəsinin mövzunun məhkəmədə davam etməsini, əksəriyyətinin isə var-dövlətini büdcəyə bağışlamaqla azad olunacaqları şərti ilə razılaşdıqları bildirilir.


Hoteldə 24 saat tibb xidməti göstərilir, lakin tez-tez binaya ambulanslar gəldiyi, həkimlərin çoxunun isə ürək xəstəliyi mütəxəssisi olduğu bildirilir.


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı