Eldar Səmədov: "Arsen Baqdasaryan hərbi əsir deyil"
"Arsen Baqdasaryan konkret cinayət əməlinə görə məhkum olunub".
APA TV-nin məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
O deyib ki, məhz bu səbəbdən də adı çəkilən şəxs hərbi əsir sayıla bilməz: "Çünki o şəxs məhkəmənin qərarı ilə həbs olunub, yəni törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə həbsdədir. Digər şəxslə bağlı isə yenə də beynəlxalq təşkilatlarla müəyyən işlər gedir. Hələlik həmin şəxs Azərbaycan Respublikasında saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara, standartlara uyğundur və beynəlxalq təşkilatlar istədiyi vaxt ona baş çəkir. Yəni, beynəlxalq humanitar hüquq normalarına, Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirir və beynəlxalq təşkilatların ona baş çəkməsi üçün müvafiq şərait yaradılır".