Vüsalə Mahirqızı: "Yanlış iqtisadi informasiya böyük çaxnaşma yarada bilər"
"Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri" mövzusunda keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
APA TV-nin xəbərinə görə, tədbirdə dövlət qurumlarının, bank sektorunun və KİV nümayəndələri iştirak edib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında iqtisadi informasiya sahəsində boşluqların olduğunu deyib. Bildirib ki, bu cür tədbirlər yalnız iqtisadi sahəni deyil, digər sahələri də əhatə etməlidir: "Tələbələr arasında belə tədbirlərin keçirilməsi müsbət haldır. Bugünkü tələbələr sabahın jurnalistləridir, təkcə bank və maliyyə sahəsində deyil, digər sahələrdə çalışan jurnalistlər də məlumatlandırılmalıdır".
"APA Holding"in prezidenti Vüsalə Mahirqızı Azərbaycan Banklar Assosiasiyasına və bankların hər birinə konstruktiv əməkdaşlığa görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, maliyyə savadlılığı cəmiyyət üçün olduqca önəmlidir və bu cür layihələr məhz maliyyə savadlılığının artırılmasına xidmət edəcək. Vüsalə Mahirqızı bankların ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərini operativliyi təmin etməyə çağırıb: "Medianı təhlil etsək, görərik ki, cəmiyyətdə böyük çaxnaşmaları yaradan maliyyə bazarında baş vermiş yanlış informasiyalar və ya informasiyaların düzgün təqdim edilməməsidir. Bunun yaratdığı çaxnaşmanı heç kim yarada bilmir, ona görə də biz bu sahədə birlikdə işləməli və operativliyi təmin etməliyik".
Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb və birgə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, müsabiqə iştirakçıları üçün media ekspertləri tərəfindən təlimlər keçirilib.