Dünyanın tikinti nəhəngləri Bakıda - BEYNƏLXALQ SƏRGİ BAŞLADI
Bakıda RecExpo III – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi öz işə başlayıb.
APA TV-nin xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində çıxış edən Komitə sədri Kərəm Həsənov sərginin əhəmiyyətindən danışıb.
O qeyd edib ki, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın daşınmaz əmlak idarəçiliyi sisteminin aktivləşdirilməsi, eyni zamanda bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsidir.
Daha sonra sərgi iştirakçıları stendlərlə tanış olub. Dünyanın 14 ölkəsindən 70-ə yaxın şirkətin iştirak etdiyi sərgidə iştirakçı şirkətlər tərəfindən 150-dən çox layihənin təqdimatı olacaq.
Yerli şirkətlərdən olan "Gilan Holding" də sərgidə öz stendi ilə təmsil olunur. Sərgi iştirakçıları "Gilan Holding"in artıq həyata keçirdiyi, inşasını davam etdirdiyi və reallaşdırılmasını planlaşdırdığı daşınmaz əmlak layihələri ilə tanış olmaq imkanı əldə edəcəklər. Stenddə "Crescent", "Mirvari Park", "Premier Residence", "Lökbatan Residence" və digər layihələr haqqında məlumat əldə etmək mümkün olacaq.
Bundan başqa, sərgidə pilot layihələrin stendləri də yer alıb: "Nəsimi rayonu üzrə iki layihə ilə çıxış edirik. Qəzalı vəziyyətdə olan mənzillərin sökülərək yerində müasir tələblərə cavab verən mənzillərin tikintisi ilə məşğuluq. Yerli sakinləri həmin mənzillərlə təmin edirik. Digər layihələrlə də bağlı yerli sakinlərlə danışıqlar prosesi gedir, müqavilələr bağlanır. Sakinlər firma tərəfindən kirayəyə çıxarılır, həmin xərclər ödənilir, binalar tam hazır olandan sonra əhaliyə təqdim edilir".
Sərgidə Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri, Türkiyə, BƏƏ, Rusiya, Qətər, Böyük Britaniya, Portuqaliya, Fransa, Polşa, İtaliya, Kipr, Andorra, Gürcüstan və İspaniyanın tikinti şirkətləri iştirak edir.
Qeyd edək ki, sərgi ilə yanaşı, noyabrın 29-da Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar mövzusunda konfrans keçiriləcək.