Xaçmazın Qıraqlı kəndinə içməli su xətti çəkilib
Xaçmazın Qıraqlı kəndi içməli su ilə təmin olunub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı İlham Əliyev, iş icraçıları və kənd sakinlər iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, rayon mərkəzindən 20 kilometr aralıda yerləşən kənddə əvvəlki su xəttinin çox hissəsi sıradan çıxmışdı. Bu xətt izolyasiya olunmadığından, qış aylarında donur və kəndə, ümumiyyətlə, su gəlmirdi.
Yeni layihə çərçivəsində kəndə 4 100 metr uzunluğunda yeni içməli su xətti çəkilib. 16 və 25 kubmetr tutumu olan iki su anbarı inşa edilib. Layihə baş çatdıqdan sonra Qıraqlı icmasının 2 922 nəfər sakini keyfiyyətli içməli su ilə tam təmin olunub.
Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayev, deputat İlham Əliyev kənd sakinlərini təbrik ediblər. Kənd sakinləri problemlərinin həllinə görə aidiyyəti qurumlara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, kənddə su Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) və “İçməli su xəttinin təmiri” layihəsi çərçivəsində çəkilib.