Erməni tarixçi: "Azərbaycan xalqı hər zaman tolerant olub"
"Azərbaycanda milli və dini dözümlülüyün olması faktdır, bu, Azərbaycan xalqının güc mənbəyidir".
APA TV-nin məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusundakı beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, Azərbaycan insan hüquq və azadlıqlarının, mutlikultural dəyərlərin qorunduğu, xalqların sülh və harmoniya şəraitində yaşadığı ölkədir: "Tədbirin məqsədi tarixən tolerant mühitin mövcudluğu, xalqların sülh və harmoniyada yaşadığı, Ermənistanla müharibə şəraitində olmağımıza baxmayaraq, hazırda ölkəmizdə yaşayan on minlərlə erməniyə qarşı da dözümlülük nümayiş etdirildiyi, bunun əksinə, monoetnik Ermənistanda ksenofobiyanın dövlət siyasətinin əsas tərkib hissəsi olduğu, orada yaşayan yezidi kürdlərə və ruslara qarşı diskriminasiyanın mövcudluğu, xüsusən Ermənistan ordusunda onların təqib olunması kimi məsələlərin müzakirəsindən ibarətdir".
Daha sonra çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov Azərbaycanın multikulturalizmin dövlət siyasəti olduğu nadir ölkələr arasında yer aldığına diqqət çəkib: "Azərbaycan Respublikasında multikulturalizmin mühüm təzahürlərindən biri dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasıdır".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut isə bildirib ki, faşist ideologiyasının dəstəkçisi Njdenin abidəsinin açılışına şəxsən Serj Sarkisyanın qatılması bu ideologiyanın Ermənistanda dövlət səviyyəsində dəstəkləndiyini sübut edir.
“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin üzvü, tarixçi alim Artur Ağacanov bildirib ki, birgə yaşamanın formulunun axtarışında olan Qərb ölkələrindən fərqli olaraq, multikulturalizm Azərbaycanda həyat tərzidir: "Azərbaycan xalqı hər zaman tolerant olub. Biz bunu hər yerdə görə bilərik. 27 ildir Azərbaycandan kənarda yaşayıram. Xeyirxahlıq hər zaman Azərbaycan xalqının əsas xüsusiyyəti olub".
“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın İdarə Heyətinin digər üzvü, ictimai fəal Rimma Sarkisova jurnalistlərə açıqlamasında xalq diplomatiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı rolundan danışıb: "Mən qatıldığım bütün tədbirlərdə hər kəsi sülh yaratmağa çağırmışam. Mən bundan sonra da bu istiqamətdəki tədbirlərdə iştirak etməklə yenə də sülhə çalışacam. Əgər mənə yenidən burada yaşamaq imkanı verilsəydi, məmnuniyyətlə bunu edərdim".
Amerikalı jurnalist, siyasi təhlilçi Piter Teys isə konfrans iştirakçılarının diqqətini Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə yönəldib: "Ermənistan qonşusu olan Azərbaycana qarşı terror törədib. Bunun nəticəsində Azərbaycan xalqı itki və acılar yaşayıb. Mən dünyanı Robert Köçəryan və Serj Sarkisyanın faşist rejiminə reaksiya verməyə çağırıram. Ermənilər Dağlıq Qarabağ vasitəsilə dünyaya narkotik vasitələr ixrac edir. Bundan Qərb də əziyyət çəkir. Ermənilər Azərbaycanın etno-mədəniyyətinə, ətraf mühitinə ciddi zərər vurub. Ermənistan Avropaya və bütün dünyaya təhdiddir”.
Tədbir öz işini çıxışlarla davam etdirib.