Prezident İlham Əliyev Tərtərdə səfərdə olub
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.
APA TV xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib.
Daha sonra prezident İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Məlumat verilib ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayiş olunur.
Səfər çərçivəsində Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub. Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, uzunluğu 29,5 kilometr, hərəkət hissəsinin eni 8 metr olan iki hərəkət zolaqlı yolda 14 avtobus dayanacağı yaradılıb, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.
Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə də tanış olub. Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. Ümumilikdə bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Prezident İlham Əliyev burada Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.
Daha sonra dövlət başçısı Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısına məlumat verilib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.
Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verib.