Türkiyə-Suriya sərhədində insident: KÜRD TERRORÇULARI HƏRBÇİLƏRİ ATƏŞƏ TUTDU

PKK ilə əlaqəli YPG terrorçuları Türkiyə ordusunun Kilis əyalətindəki sərhəd postunu atəşə tutub, nəticədə bir hərbçi yaralanıb. 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, atəş YPG terrorçularının nəzarətində olan Suriyanın Türkiyə ilə həmsərhəd Afrin şəhəri istiqamətindən açılıb.

Türkiyə ordusunun cavab atəşi açdığı bildirilir. Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.  

 

Bu arada Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında hərbi-müşahidə missiyasının Suriyanın İdlib əyalətindəki təhlükəsizlik zonasından Hələb əyalətinin qərb hissəsi və Afrin şəhərinin ətrafına doğru genişləndirilməsi məqsədəuyğun hesab edilib.  Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.  

 

"İdlibdə uğurla davam etdirilən müşahidə missiyası Hələb əyalətinin qərb hissəsi və Afrin şəhərinin ətrafında da sabitlik və təhlükəsizliyi təmin edə bilər. PYD/YPG terrorçularının Suriyanın demoqrafik strukturunu dəyişmək məqsədi ilə əraziləri zəbt etmək və etnik təmizləmə aparmaq cəhdləri qəbuledilməzdir.  Türkiyə öz sərhədlərində bütün təhlükəsizlik tədbirlərini görəcək" - deyə, bəyanatda bildirilir.    

Qeyd edək ki, Afrin hazırda PYD/YPG terrorçularının nəzarətindədir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı