Dövlət başçısı Ağcabədidə bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Ağcabədiyə səfər edib. APA TV-nin məlumatına görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Daha sonra o, Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib, muzeydə yaradılan şəraitlə tanış olub. Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır.

Dövlət başçısı həmçinin Ağcabədi rayonuna səfəri çərçivəsində həmçinin Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib və orada yaradılan şəraitlə tanış olub. Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib.

Ağcabədi rayonunda çörək və un məmulatları zavodunun da açılışı olub. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına məlumat verib ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. 

Bildirilib ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.

Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı mərasimində iştirak edib.

Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlət başçısına ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı