OPEK toplantısı ərəfəsində neftin qiyməti ucuzlaşır
OPEK toplantısı ərəfəsində neftin qiyməti 63 dollar ətrafında sabitləşir. APA TV-nin məlumatına görə, bu həftə qiymətlərin formalaşmasına əsas təsir edəcək amil OPEK-in Vyana toplantısı olacaq.
Hələlik toplantının nəticələri ilə bağlı sürpriz gözlənilmir. Qlobal neft paktının müddətinin gələn ilin martından sonra uzadılmasına dair yeganə tərəddüd edən ölkə Rusiya idi, lakin iki gün əvvəl ölkənin energetika naziri Aleksandr Novak qərarı dəstəklədiklərini açıqlayıb. Əgər toplantıda sürpriz olmasa, Vyana görüşündən sonra neftin qiymətinin 67 dollar həddinə yüksələcəyi proqnozlaşdırılır. Hər hansı sürpriz olarsa, qiymətlər 61 dollar həddinə enə bilər.
Səudiyyə Ərəbistanının neft naziri Xaled əl-Falih Vyana görüşü ərəfəsində iştriakçı dövlətlər arasında fikir ayrılığı olduğunu təsdiqləyib. Fikir ayrılığı razılaşmanın müddətinin uzadılması ilə deyil, hansı müddətə uzadılması ilə bağlıdır. Rusiya neft şirkətləri paktın gələn il oktyabrın 1-dək uzadılmasını istəyir, Səudiyyə Ərəbistanı isə son tarix olaraq 31 dekabr tarixinin seçilməsində təkid edir.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi OPEK ölkələrinin hasilatı azaltmağa dair öhdəliyə 88 faiz, qeyri-OPEK ölkələrinin isə 125 faiz əməl etdiyini açıqlayıb.
Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 62,86 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 57,72 dollardan təklif olunur. “Brent”in ucuzlaşması, WTİ neftinin isə bahalaşması davam edərsə, iki marka arasında qiymət fərqi 5 dollardan aşağı enəcək.