Milli oyunumuz "Çövkən" UNESCO-nun maddi mədəni irs siyahısına salınıb
Çovqan və ya çövkən. Bu, Azərbaycanda milli atüstü oyun növlərindən biridir. Azərbaycanda çövkən yarışlarının çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. APA TV-nin məlumatına görə, Xaçmaz rayonunun Niyazabad kəndində də çövkən komandası var: "Atlar oyuna vərdiş edən atlar olmalıdır, ağacdan qaçmamalıdır. Hündür və qaçan atlar olmalıdır".
Komanda tərkibi 12 nəfərdən ibarət olan çövkən oyunu 2 hissədən ibarət olmaqla 2 saat davam edir. At üstündə keçirilən bu idman növü xüsusi təlim görən atlardan təşkil olunur. Bu oyun dağətəyi rayonlarda, əsasən payız və yaz aylarında oynanılır. Çövkən oyunu oyunda işlədilən alətin adı ilə adlandırılıb. Alət ağacdan hazırlanır. Xaçmaz rayonunun Niyazabad kənd mədəniyyət evinin direktoru Fərhad Qafarovun sözlərinə görə, yarışda at çapan oyunçular “top-kos” adlanan topu bir-birinin əlindən alır, təbaşirlə cızılan dairəyə salırlar.
"Bəzi tədqiqatçılar oyunun "Çövkən" adlandırılmasnı gənclik, çeviklik mənasını verdiyini bildirirlər. Lakin yazılı mənbələrə nəzər saldıqda görürük ki, Nizami Gəncəvinin əsərində deyilir ki, Şirin topu atdı Xosrovun çövkəninə, yəni çövkən oyunçuların əlində olan ucu əyri olan ağacdı."
Qarabağ atları üzərində çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun "təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs" siyahısına salınıb. Qərar bu ilin dekabrın 2-də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub.