ABŞ dövlət katibi: "Türkiyənin İranla yaxınlaşmasını anlayırıq, amma..."

"ABŞ coğrafi cəhətdən yaxın ərazidə yerləşmə və mədəni əlaqələri nəzərə alaraq Türkiyənin İranla qarşılıqlı fəaliyyətinin labüdlüyünü anlayır, lakin bu təmaslar NATO-nun bütün üzvlərinin maraqlarına uyğun olmalıdır". 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.   

 

"Biz dərk edirik, Türkiyə İranla təmasda olmalıdır. Lakin Türkiyə unutmamalıdır ki, NATO üzvü olaraq, İranla təmaslarda Alyansın maraqlarını nəzərə almalıdır", - deyə Reks Tillerson bildirib.   

Bu arada Ankara NATO-dan Norveçdəki təlimlər zamanı baş vermiş insidentin hərtərəfli araşdırılmasını gözləyir. Bu barədə Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir. 

  

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. Fotoları hədəf kimi qoyan zabit və texniki işçi işdən azad edilib. NATO baş katibi Yens Stoltenberq insidentlə bağlı Türkiyədən üzr istəyib. Lakin Türkiyə prezidenti NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.  

Müəllif | Apa.Tv
Fərid Rəsulov