Prezident İlham Əliyev Sabirabadda olub
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-də Sabirabad rayonuna səfər edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Dövlət başçısına rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə məlumat verilib.
Həmin gün Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.
Prezident İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.
İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.
Sabirabad rayonunda Bayraq Muzeyinin açılışı da keçirilib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Hündürlüyü 97 metr olan dövlət bayrağı dirəyinin postament hissəsinin ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlar qoyulub.
Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub.
Diqqətə çatdırılıb ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir.
Sonra prezident Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.
Dövlət başçısı Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.
Təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır.
15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.
Prezident İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib.
Yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.