Mərkəzi Afrika Respublikasındakı toqquşmalarda 400 NƏFƏR HƏLAK OLUB

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə "Seleka" qruplaşmasının yaraqlıları və onlara qarşı çıxan üsyançılar arasında cümə axşamı başlayan toqquşmalar nəticəsində təxminən 400 nəfər həlak olub.  Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib ki, toqquşmalar nəticəsində qurbanların sayı 300 nəfəri ötə bilər. APA TV-nin məlumatına görə, təşkilatın könüllüləri tərəfindən o vaxta qədər artıq 280 nəfərin cəsədləri tapılıb, lakin qaranlıq düşməsi ilə əlaqədar onlar fəaliyyətini dayandırmağa məcbur olublar. Şənbə günü yenidən başlamış axtarışlar nəticəsində, yüzlərlə cəsəd tapılıb.

 

Bu ilin yanvarında ölkə hakimiyyəti və siyasi müxalifət barışıq imzalayıblar. Lakin artıq martda "Seleka" qruplaşmasının silahlıları ölkə paytaxtını ələ keçiriblər.
 

Devirilmiş prezident Fransua Bozize ölkədən qaçmağa məcbur olub, bununla da üsyançıların lideri Mişel Djotodiya özünü prezident elan edib. O vaxtdan ölkədə yeni hakimiyyətin əleyhdarlarının və tərəfdarlarının silahlı toqquşmaları səngimir.
 

BMT Təhlükəsizlik Şurasının cümə axşamı qəbul olunmuş qətnaməsi ölkədə afrika-fransız birgə hərbi əməliyyatların aparılmasına sanksiya verib. BBC-nin məlumatına əsasən, Fransa kontingentinin Mərkəzi Afrika Respublikasında artıq 1200 hərbçisi var.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova