Azərbaycan prezidenti Kosta Rikanın xarici işlər və etiqad nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

 

APA TV-nin məlumatına görə, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd edib.

 

Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirib ki, bu, ölkəsinin strateji qərarıdır. O qeyd edib ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir.

 

Xoş sözlərə görə minnətdarlığını bildirən prezident İlham Əliyev ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu deyib. Dövlət başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd edib və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Görüş zamanı iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün kifayət qədər imkanların olduğu vurğulanıb və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli