İsveç nümayəndə heyəti Quba Soyqırımı məzarlığını ziyarət edib

İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti Quba Soyqrımı məzarlığını ziyarət edib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, qonaqlara Quba Soyqırımı məzarlığı haqqında məlumat verilib.

 

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleksin 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdiyi soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

 

Ake Goransson jurnalistlərə açıqlamasında məzarlıq haqqında əvvəllər məlumatı olmadığını, bu barədə ilk dəfədir eşitdiyini deyib. Onun sözlərinə görə, dünyanın bir neçə ölkəsində bu tipli məzarlıqları görüb: “Bu, bir daha bizə xatırladır ki, insan övladının hərəkətləri hansı qəddarlıqlara və dəhşətlərə gətirib çıxara bilər. Bizim burda gördüklərimiz bir daha göstərir ki, dünyada ölkələr və insanlar arasındakı heç bir problemli məsələni müharibə yolu ilə həll etmək olmaz”.

 

Ake Goransson Qubaya gəlişi zamanı Qırmızı Qəsəbədə yaşayan yəhudi icması ilə görüşdüklərini, onların adət-ənənələri və yaşayış tərzləri ilə bağlı maraqlı məlumat əldə etdiklərini deyib. “Onlarla görüşlərdən sonra belə qənaətə gəldik ki, onlar Azərbaycanın tolerant, multikultural bir ölkə olduğu fikri ilə tam razıdırlar” - deyə o qeyd edib.

Müəllif | Apa.Tv
Nigar Həsənli