Vyana görüşü ərəfəsində ABŞ-da hasilatın artması nefti ucuzlaşdırır
ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatlarının həcminə dair həftəlik hesabatı neftin qiymətinə mənfi təsir göstərib.
APA TV-nin məlumatına görə, ötən həftə ABŞ-da kommersiya neft ehtiyatlarının həcmi 3,4 milyon barel azalıb, benzin ehtiyatlarının həcmi isə 3,6 milyon barel artıb.
Qiymətlərə mənfi təsir göstərən amil ölkədə gündəlik neft ehtiyatının həcminin daha 24 min barel artmasıdır. Hazırda ABŞ-da 9,68 milyon barel neft hasil edilir. Hasilatın artması bazarda OPEK sövdələşməsinin effektli olacağına şübhələri artırıb. Məhz bu səbəbdən OPEK üzvləri qlobal neft paktının müddətini artırmağa tərəfdar olduqlarını bəyan etsələr də, qiymətlər ucuzlaşmağa başlayıb.
Son 24 saat ərzində “Brent” neftinin bir bareli 62,02 dollaradək enib, Qərbi Texas nefti isə gün ərzində 56,80 dollara satılıb. Bu gün Vyanada OPEK üzvləri və kartelə üzv olmayan ölkələrin toplantısının başlaması ilə qiymətlərdə müəyyən bahalaşma müşahidə olunur. Hazırda “Brent” nefti 62,80 dollara, WTİ nefti isə 57,90 dollara satılır. İki marka arasında qiymət fərqinin 5 dollardan aşağı düşməsi birjalarda ABŞ-dan qaynaqlanan amillərin gücləndiyini göstərir.
OPEK-in Vyana toplantısının yekun qərarı bu axşam açıqlanacaq. Qərardan sonra qiymətlərin 64 dollar səviyyəsinədək artacağı ehtimal olunur. Sabah isə birjalar ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair hesabata köklənəcəklər. Analitiklər buruqların sayının bu həftə də artacağını gözləyirlər.