Tramp: "Şimali Koreyaya yeni sanksiyaların tətbiqinə başlayırıq"

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə başlayır. APA TV-nin məlumatına görə, bu barədə ölkə prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.


Ağ Ev rəhbəri Pxenyanın yeni ballistik raket sınağından sonra Çin lideri ilə əlaqə saxladığını da bildirib: "Bir az əvvəl Si Tzinpinlə danışdım, Şimali Koreyanın davranışlarından narahat olduğumuzu ona çatdırdım. Bizim vəziyyəti düzəltmək, yoluna qoymaq üçün addım atacağımızı bildirdim".


Xatırladaq ki, noyabrın 29-da Şimali Koreya "Hvason-15" qitələrarası ballistik raketi sınaqdan keçirib. 950 kilometr məsafə qət edən və təxminən 5000 kilometr yüksəklikdən uçan raket Yaponiya sahillərinə düşüb.


Vaşinqtonla yanaşı, hadisəyə ilk reaksiya Tokio və Seuldan verilib.


Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert bütün ölkələri səfirlərini Şimali Koreyadan geri çağırmağa səsləyib. "Pxenyana qarşı iqtisadi və diplomatik təzyiq gücləndirilməlidir. Şimali Koreyadan olan əmək miqrantları isə ölkələrdən çıxarılmalıdır. Çünki miqrantların əldə etdiyi gəlir nüvə-raket proqramına sərf edilir" - deyə, o əlavə edib.

 

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında isə ABŞ-ın qurumdakı daimi nümayəndəsi Nikki Heyli Şimali Koreyanın BMT-də səs hüququndan məhrum edilməsini tələb edib.


"Biz heç vaxt Şimali Koreya ilə müharibə axtarmamışıq, indi də axtarmırıq. Lakin heç kim şübhə etməsin, bu baş versə, Pxenyan rejimi tamamilə məhv ediləcək" - deyə, o vurğulayıb.

Pxenyanda isə küçələrə çıxan kütlə raket sınağının uğurla keçməsini bayram edir. Sınağın ABŞ-ın aqressiv siyasətinə cavab olduğunu bildirən insanlar bundan qürur hissi keçirdiklərini deyir.  

Müəllif | Apa.Tv
Elvin Bayramlı