Daha bir MTN generalına hökm oxundu - ƏMLAKI MÜSADİRƏ OLUNDU

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. Prosesdə təqsirləndirilən şəxslərin hərbi rütbəsinin geri alınması ilə bağlı ölkə başçısına müraciət olunmasına dair qərar qəbul olunub.

 

Məhkəmə DTX-nın təqsirləndirilən şəxslərə qarşı 7 milyon manata yaxın mülki iddiasını təmin edib. Onların əmlakları dövlətin xeyrinə müsadirə olunması haqqında qərar qəbul olunub.

 

Qeyd edək ki, dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd