Prezident Administrasiyası: Bəzi İslam ölkələrinin Ermənistanla dostluğa cəhd etməsi...
"Tarix boyu Azərbaycanda dinlər və məzhəblər arası həmrəylik mövcud olub".
APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov “İslam Həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda keçirilən konfransda bildirib.
O deyib ki, bəzi İslam ölkələrinin torpaqlarımızın 20 faizini işğal edən Ermənistanla dostluğa cəhd etməsi İslam həmrəyliyi meyarlarına ziddir: "Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Biz terrorun bütün təzahürlərinə qarşı sərt, qətiyyətli mübarizə aparılmasının tərəfdarıyıq. Bir milyondan çox qaçqın-köçkünümüz var, ərazidə bütün infrastruktur, eyni zamanda İslam dininə məxsus tarixi, maddi-mədəni abidələr dağıdılıb, məhv edilib. Bunlara biz məscidləri də əlavə edə bilərik".
Misirin “Əxbar əl-Yaum” qəzetinin baş redaktoru Rufat Fayyad, Fələstin səfiri Nasir Əbdül Kərim və başqaları çıxışlarında İslam dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın zərurətindən danışıblar.
Qeyd edək ki, Misir jurnalistlərinin Azərbaycana səfəri dekabrın 3-dək davam edəcək. Səfər çərçivəsində onların Cocuq Mərcanlı kəndinə səfəri də nəzərdə tutulub.