İlham Zəkiyev: "Valideynlər övladlarının əlilliyindən utanmasınlar"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb.
APA TV-nin xəbərinə görə, 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə təşkil olunan yarışların qalibləri mükafatlandırılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu gün cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı xüsusi diqqət əlilliyi olan şəxslərin istedadlarının, bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına yönəlib: "Respublika üzrə 790 nəfər əlilliyi olan şəxs bu yarışlarda iştirak edib. Yarışların ilk mərhələsi 8 zona üzrə keçirilib. 8 zonada qalib gəlmiş 108 nəfər final mərhələsinə keçib. Yarışlar 9 növ üzrə təşkil olunub".
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bildirib ki, bu gün əlilliyi olan şəxslərin də idmana marağı artıb və onların bacarıqlarının üzə çıxarılması üçün bu cür tədbirlər təqdirəlayiqdir.
İkiqat Paralimpiya Oyunları və ikiqat dünya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev bu tədbirin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını deyib: "Fiziki məhdudiyyətli insanları həmişə diqqət mərkəzində saxlamaq lazımdır. Onları heç vaxt cəmiyyətdən təcrid etmək lazım deyil. Üzümü tuturam valideynlərə ki, onlar fiziki qüsurlu uşaqları evlərində gizlədirlər, utanırlar, elə şey etməsinlər. Müraciət eləsinlər bizə, bizim mütəxəssislər məşğul olsun. Onları əlilliyinə uyğun olaraq yönəldəcəklər. Onlar da cəmiyyətin bir üzvüdür. Kim bilir, bəlkə onların da arasında dünya, Avropa çempionları olacaq?"
Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə və yarışların final turunun digər iştirakçılarına diplom və pul mükafatları təqdim olunub.