Quba-Xaçmaz yolu yenidən asfaltlanır
Quba-Xaçmaz yolunun asfaltlanması işlərinə yenidən start verilib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, avqust ayında yolda təmir işlərinə başlansa da bir müddət sonra bu iş yarımçıq qalmışdı.
Hazırda təmir işləri Xaçmazın Bayoba kəndi ərazisində davam etdirilir. Ötən əsrin 70-ci illərində salınan, ümumi uzunluğu 28 kilometrlik yol istismar müddətini başa vurduğundan avtomobillərin hərəkəti üçün ciddi çətinliklər yaradırdı: "Sovet vaxtı çəkilmişdi. Təmir olunmamışdı, əsaslı indi təmir olunur. Düşünürəm ki, əgər keyfiyyətli olsa, uzun müddət rahat gedib-gələcəyik. Əvvəl çox bərbad halda idi. İndi iş gedir, yaxşı olar. Hər gün maşını təmirə aparırdıq. İndi şükür Allaha, yaxşıdır".
Yolun 22 kilometrinə asfalt döşənəcək. Köhnə asfalt qatı çıxarılaraq, yol yatağının sıradan çıxan hissələri artıq bərpa edilib. Yeni yolun hərəkət hissəsinin eni 7,5 metr, yol çiyinləri ilə birlikdə isə 12 metr olacaq. Əsaslı təmir işlərinin hava şəraitindən asılı olaraq ilin sonunadək başa çatdırılması planlaşdırılır.