Mövlud Çavuşoğlu: "Dünən həmsədrlərə dedim ki..."
"Dekabrın 6-da Vyanada həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşəcəyəm". APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Nazir bildirib ki, Azərbaycan bu görüşə razılıq verib: "Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həlli və işğal olunmuş torpaqların işğaldan azad olunması üçün səy göstərir: "Ərdoğan Rusiya qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib. Azərbaycan üçün uyğun olan bütün formulları dəstəkləyirik. Həmsədrlərlə dünən görüşdüm. Daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım və bu sahədə onlara dəstək göstərdiyimizi bildirdim".
Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif üçtərəfli formatdan daha geniş istifadə ediləcəyini deyib. O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması müzakirə edilib: "Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşa hava xətti yoxdur. Bunun bərpası ilə əlaqələr daha da güclənəcək. Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində eyni mövqeyə malikdir. Hər üç ölkə bu məsələlərin həllində ortaq mövqedən çıxış etməlidir".
Bakıda keçirilən üçtərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müdafiə sahəsinin inkişafının vacib olduğunu bildirib. O, Azərbaycan bu yaxınlarda təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacağını deyib. Görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyi qeyd edilib.
Qeyd edək ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü gələn il Pakistanda keçiriləcək.