Fiziki məhdudiyyətli uşaqlar klip hazırladı

Adətən, balacaların görüşünə tamaşa ilə gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə fərqlilik nümayiş etdirdi.

 

APA TV-nin məlumatına görə, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə klip və tamaşa hazırladı.

 

Öncə “Əlimdən tut” adlı mahnıya çəkilən sosial klip - musiqili çarx təqdim olundu.

 

Mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Vüqar Camalzadəyə aiddir. Klipdə studiyanın yetirmələri ilə yanaşı, peşəkar aktyorlar, həmçinin UAFA təşkilatının üzvü olan fiziki məhdudiyyətli fəal uşaq və yeniyetmələr rol alıblar. Uşaqlara sevgi, həmrəylik, qarşılıqlı anlaşma və özünəinam aşılayan sosial çağırışlı klipin ideya müəllifi və rejissoru Səidə Haqverdiyevadır.

 

Layihənin ərsəyə gəlməsinə BMT-nin İnkişaf proqramı, “Park Bulvar” və UAFA təşkilatı dəstək olub. “Oyuq”çular xalq şairi Nigar Rəfibəylinin “Kəpənək yuxusu”nun əsasında müzikl də hazırlayıb. Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə işində uşaqlara təbiətə, ətraf aləmə sevgi, qayğı və diqqət təlqin olunur.

 

Sonda studiya fəallarının ifasında konsert proqramı da təqdim olunub. 

Müəllif | Apa.Tv
Nigar Həsənli