Cocuq Mərcanlıda yeni layihəyə start verilib - AZƏRBAYCANDA İLK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cocuq Mərcanlıda icma yaradıb.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, Cocuq Mərcanlıda yaşayan kənd sakinlərinin sosial rifahının yaxşılaşdırılması üçün yeni layihəyə start verilib.
Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib ki, ölkədə ilk dəfə olaraq özünüməşğulluq icma şəklində həyata keçirilir. Cocuq Mərcanlıda çörək və tikiş sexlərinin açılması, bəzi ailələrə iri və xırdabuynuzlu heyvanların alınıb veriləcəyi planlaşdırılır. Əsas qərar icmanın verdiyi təkliflərlə reallaşacaq. İcma üzvləri hansı təklifi versə, Dövlət Məşğulluq Xidməti o təkliflərin üzərində işləyəcək: "2018-ci ildə ölkəmizin bütün iqtisadi rayonlarında bu layihə həyata keçiriləcək. Öncə ən ucqar kəndlərdə yaşayan gənclərin işlə təminatını düşünürük. Bu, həm də gənclərin şəhərə axınının qarşısını alacaq. Eyni zamanda yeni salınan məcburi köçkün qəsəbələrində icma yaratmaq haqqında düşünürük. Çünki yeni evlə təmin olunan ailələrin bir qismi yaşayış yerlərini dəyişən zaman iş yerlərini itirmək məcburiyyətində qalırlar. Məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün yeni iş yerləri açmaq istəyirik".