Polis rəisi: "Nardaranda sovet qanunları belə işləmirdi"

"Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaranda uzun illər qayda-qanun olmayıb. Bu qəsəbənin sakinləri uzun illər dövlət qanunlarına hörmətsizlik nümayiş etdiriblər".

 

APA TV-nin xəbərinə görə, bu fikirləri Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Eldar İlyasov Nardaran hadisələrinin iki illiyi ilə əlaqədar APA-ya müsahibəsində deyib.

 

Onun sözlərinə görə, hələ müstəqillik illərindən əvvəl Nardaranda sovet qanunları belə işləmirdi: "O zamanlar da Nardaran sakinləri hökuməti tanımırdı və qəsəbə “dədə-baba” qanunları ilə idarə olunurdu. Vətəndaşlar bu qəsəbədə qanunla, icra hakimiyyətinin müvafiq sərəncamı ilə onlara verilmiş torpaqlarda ev tikə bilmirdilər. Bir qrup qəsəbə sakini həmin vətəndaşı açıq-aşkar hədələyirdi, ölümlə təhdid edirdi. Deyirdilər ki, bura bizim dədə-baba torpaqlarımızdır, burda ev tikə bilməzsən, əgər tikəcəksənsə, o evi yandıracağıq. Onlar başa düşmürdülər ki, Azərbaycanın dövlətinin qanunları var və bu qanunları heç kim poza bilməz".

 

Polis rəisi qeyd edib ki, iki il əvvəl müəyyən xarici qüvvələr də ölkədəki vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq üçün radikallardan istifadə edir, fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmağa cəhd göstərirdilər. Həmin radikalların başının üstündə Azərbaycanın üçrəngli bayrağı deyil, “Hizbullah”ın bayrağı dalğalanıb. Lakin Azərbaycan dövlətinin vaxtında müdaxiləsi nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin planları ifşa olundu.

 

Eldar İlyasov deyib ki, 2015-ci ilədək Nardaranda təhsil yox səviyyəsində idi: "Nardaranlılar hər zaman uşaqlarının təhsil almasının əleyhinə olublar. Onlar qız uşaqlarını, ümumiyyətlə, dərsə göndərmirdilər. Bu gün isə vəziyyət tamam dəyişib. Polis Nardaranda yalnız təhlükəsizlik işləri ilə məşğul olmur, həm də təhsildən yayınan uşaqların ailələri ilə maraqlanır. Uşaqların məktəbə getməsi üçün valideynlərlə danışıqlar aparır. Hətta elə valideynlər olub ki, bəhanə ediblər ki, paltarı olmadığı üçün uşağını məktəbə göndərə bilmirlər. Polis həmin uşaqların geyimini təmin edib. Aparılan təbliğat işləri nəticəsində bu gün Nardaran məktəbində davamiyyətə 100% əməl olunur.

 

Əvvəlki illərdə Nardaran sakinləri hərbi xidmətdən yayınırdılar. Bu qəsəbədə gənclərin heç biri əsgər getmirdi. Həyata keçirilən tədbirlərlə 2016-cı ildə hərbi çağırışdan yayınan 765 nəfərdən 761 nəfərinin hərbi xidmətdə iştirakı təmin olunub. Bu il isə çağırışdan yayınan 660 nəfərdən 620-nin hərbi xidmətə getməsi təmin edilib. Qalanları müxtəlif səbəblərə görə hərbi xidmətə düşməyənlərdir".

 

Polis rəisinin sözlərinə görə, son iki il ərzində Nardaran sakinlərindən külli miqdarda silah-sursat aşkar edilərək götürülüb.Qəsəbənin giriş-çıxışındakı polis postlarının hələ də qalmasına gəlincə, Eldar İlyasov deyib ki, Nardaranda təhlükəsizlik və profilaktiki tədbirlərin davam etdirilməsi zəruridir: "Çünki Nardaranda hələ də silah olması ehtimalı var. Bu o demək deyil ki, orada təhlükə gözlənilir. Polis istənilən təhlükəyə hazır olmalıdır. Bu postlar heç kimin gediş-gəlişinə mane olmur. Əksinə, polis postları Nardaran sakinlərinin təhlükəsizliyini təmin etmək üçün ordadır. Ona görə də yaxın vaxtlarda postların yığışdırılması gözlənilmir".

Müəllif | Apa.Tv
Ayşən Əhməd