Oğlu öldürülən ata məhkəmədə qatilləri qumbara ilə partlatdı
Ukraynanın Nikopol şəhər prokurorluğunun binasında əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb. APA TV "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə məhkəmə dinləmələri zamanı baş verib.
Məlumata görə, ötən il qətlə yetirilmiş iki gəncin cinayəti ilə əlaqədar məhkəmə iclasında öldürülənlərdən birinin atası üzərində gətirdiyi qumbaranı çıxarıb və onu saxlanılan şəxslərin üstünə atıb. Həmin kişi özü hadisə yerində ölüb. Daha sonra ittiham olunanlardan biri də xəstəxanada keçinib.
Qəlpə yaraları alanlar isə digər iki müttəhim, iki mühafizəçi, məhkəmə əməkdaşları və vətəndaşlar olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis hadisənin digər qaranlıq məqamlarını araşdırır.