Bakıda "botoks əməliyyatı" - SAXTA DƏRMANLAR, XEYLİ PUL ƏLƏ KEÇDİ

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əhalinin sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbiri keçirib.

 

Baş Prokurorluqdan APA TV-yə verilən məlumata görə, tədbir son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə botoks kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında baş tutub.

 

Aparılmış ilkin əməliyyat-axtarış tədbirləri ilə “Hayal Estetika və Məsləhətçilik” və “Bioderm” məhdud məsuliyyətli cəmiyyətlərinin ofisləri və anbar kimi istifadə olunan saxlanc yerləri müəyyən edilərək onlara baxış keçirilərkən bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstələrin əməlləri ifşa olunub.

 

Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saqiyev Akif Fərzulla oğlunun təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Füzuli küçəsi 49 ünvanında yerləşən “SKS Plaza”nın "Hayal Estetika və Məsləhətçilik" MMC-yə məxsus ofisində mənşəyi məlum olmayan mavi qapaqlı 113 ədəd həb preparatları, Miotox-100 unit və Miotox-50 (Miotoks-50) unit boş dərman həblərinin etiketləri, 44 ədəd Biopolimero 350cp (Biopolimero 350 si-pi) tamlığı pozulmamış ampulalar, 13 337 manat, 2 355 ABŞ dolları, 127 avro pul vəsaiti, həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının idarə etdiyi “Hyundai Accent” (Hyunay Aksent) markalı, 90 EA 988 dövlət qeydiyyat nişanlı avtomaşında preparatların aşağı temperaturda saxlanması üçün içərisinə xüsusi olaraq buz paketləri qoyulmuş çantadan müvafiq olaraq 1 ədəd 50 mq və 6 ədəd 100 mq olan qutularda “MİATOX Botulium Toxin Tape A” (Miatoks Batiliyum Toksin Teyp A) preparatları, eləcə də avtomobilin salon və yük hissəsindən ümumilikdə daha 25 adda 102 sayda dərman preparatları aşkarlanaraq götürülüb.

 

Həmçinin Rzayeva İrina Vladimirovnanın təsisçisi olduğu, “BİODERM” MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılarkən həmin MMC-yə faktiki rəhbərlik edən Məhərrəmli Aqil Oruc oğlunun kuryer xidmətlərindən istifadə etdiyi Əhmədov İlham İmran oğlu vasitəsilə ümumi dəyəri 2080 manat təşkil edən 13 ədəd dövlət qeydiyyatından keçməyən “Zentox” (Zentoks) dərman preparatını Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 90C ünvanının qarşısında Mirzəyev Emin Abbas oğluna satarkən yaxalanıb. Həmin şirkətə məxsus Ağa Nemətulla küçəsi 20 ünvanda yerləşən ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha 1 (ədəd) “Zentox” (Zentoks)  dərman preparatı, habelə ofisin otağında isə iş üzrə əhəmiyyət kəsb edən sənədlər aşkar olunaraq götürülüb.

 

Qeyd edilən faktlarla “Hayal Estetika və Məsləhətçilik”  MMC-rəhbəri Akif Saqiyevə və “BİODERM” MMC-nin faktiki direktoru Aqil Məhərrəmliyə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, A.Saqiyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Müəllif | Apa.Tv
Ayşən Əhməd