Minskdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bəyanat verilib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçıları Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 30-da keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsilə bağlı bəyanat qəbul edib.

 

APA TV-nin məlumatına görə, sənəddə ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinə dəstək ifadə olunub:

 

"ATƏT-in ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə formalaşan və beynəlxalq ictimaiyyətin mandatına və tərəflərin həll yolunun tapılması istiqamətindəki səylərinə dəstək verən Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik həlli prosesində vahid strukturdur. Minsk qrupuna daxil olan hər üç ölkənin birgə səyi nəticəsində münaqişənin nizamlanmasının əsasını təşkil edən prinsip və elementlər hazırlanıb və ABŞ, Rusiya, eləcə də Fransa prezidentlərinin birgə bəyanatında əks olunub" - deyə, sənəddə bildirilir.

 

Bəyanatda qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, BMT-nin nizamnaməsi, eləcə də tərəflərin güc tətbiqi və qarşılıqlı təhdidlərdən çəkinməli olduğunu nəzərdə tutan Helsinki Yekun aktının, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ çərçivəsində həllinə yönələn bütün səyləri dəstəkləyir:

 

"Biz 2016-2017-ci illərdəki Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsinə yol verilməməsi, atəşkəs rejiminə əməl olunması, gərginliyin azaldılması və danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalara əməl olunmasının lehinə olduğumuzu bəyan edirik" - bəyanatda belə deyilir. 

Müəllif | Apa.Tv
Apa.tv