Prezident: "Azərbaycan öz silahlı qüvvələri vasitəsilə də Əfqanıstana dəstək olacaq"
Bu gün Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci Nazirlər Konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, iclasın açılışında Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Əşrəf Qəni iştirak edib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesini dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək. Prezident İlham Əliyev deyib ki, beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir: "Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib. Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".
Prezident İlham Əliyev qeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi ümumən regionda təhlükəsizliyə xidmət edəcək. Onun sözlərinə görə, Azərbaycan Əfqanıstanla təcrübəsini ikitərəfli müstəvidə də paylaşmağa hazırdır. Azərbaycan öz silahlı qüvvələri, təlimlər vasitəsilə də Əfqanıstana dəstək olacaq. Dövlət başçısı bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək: "Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir. “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” tədbiri iki məsələ üzrə əməkdaşlığa xidmət edəcək. Biz inanırıq ki, Əfqanıstan regionda ticarət və nəqliyyat layihələrində mühüm rol oynayacaq. Əfqanıstanın 2018-2025-ci ildə qarşıya qoyduğu məqsədlərə çatacağına inanırıq. Biz Əfqanıstana töhfə verməyə hazırıq. Dost və qardaş Əfqanıstana firavan və xoşbəxt gələcək arzulayıram".
Daha sonra çıxış edən Əfqanıstan prezidenti Əşrəf Qəni Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini deyib: "Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq. Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm".
Konfransa Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan və İran xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavini, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Əfqanıstan və Orta Asiya üzrə xüsusi nümayəndələri qatılıb.