Ruhi Əliyevadan etiraf: “Zorakılığa məruz qalmışam”
Beynəlxalq Muğam Mərkəzində “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” şüarı altında sosial aksiya keçirilib.
APA TV-nin məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü, iş qadını Ruhi Əliyevanın təşəbbüsü ilə baş tutan tədbir zorakılığa məruz qalan qadınlara dəstək olmaq məqsədi daşıyıb: “Biz gündəlik həyatımızda, ən azı bir-iki xəbər eşidirik ki, qadın zorakılığı halları çoxdur. Mən qadınlarımızı birgə olmağa çağırıram. Hər bir qadın ətrafında şiddətə məruz qalmış qadınlara dəstək olmalıdır. Kim deyir ki, heç bir qadın şiddətə məruz qalmayıb? Mən özüm də şiddətə məruz qalmışam. O demək deyil ki, fiziki zorakılığa məruz qalmalısan. Xeyr. Mən çox böyük psixoloji sarsıntı keçirmişəm”.
Qadınlara qarşı zorakılıq təkcə kişilər tərəfindən olmur. Qadınlar öz həmcinslərinə də qarşı bəzən həddən artıq təzyiq göstərirlər. Bu isə zərif cinsin nümayəndələrinin psixoloji travmalar yaşamasına səbəb olur. Ruhi Əliyeva hər kəsi bu məsələdə həssas olmağa, qadın zorakılığına son qoymaq üçün əlbir olmağa çağırıb.
Daha sonra Azərbaycan Dövlət Pantomima Teatrının üzvləri qadın zorakılığı ilə bağlı kiçik tamaşa təqdim ediblər.
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov vurğulayıb ki, zorakılığa məruz qalan qadınlar adətən insan alverinin qurbanları olurlar. Belə halların qarşısını almaq üçün ayrı-ayrı təşkilatlar, vətəndaş cəmiyyətinin üzvləri fəallıq göstərməlidirlər.
Bədii hissədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının ifasında klassik əsərlərdən parçalar səsləndirilib.
Xalq artisti Samir Cəfərov da qadın zorakılığa qarşı sosial aksiyanı dəstəklədiyini bildirib. edib.
Tədbir Elton Hüseynəliyev və Samir Cəfərovun ifaları ilə bitib.