Bu plan bölgəni qana çalxayacaq - TRAMP QÜDSÜ İSRAİLİN PAYTAXTI KİM TANIYACAQ
ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyacaq.
APA TV-nin məlumatına görə, "Wall Street Journal" Trampın Yaxın Şərqdə böhrana səbəb olacaq addım atmağa hazırlaşdığını yazıb.
Jurnal hökumət nümayəndələrinə istinad edərək yazır ki, bu qərardan sonra ABŞ səfirliyi dərhal Qüdsə yerləşməyəcək, köçürülmə üçün bir müddət gözləniləcək. Trampın səfirliyin köçürülməsini altı aylığına təxirə salacaq qərarnaməni bu gün imzalaması gözlənilir.
Fələstin ərəbləri 1967-ci ildə İsrail tərəfindən işğal və daha sonra ilhaq edilən Qüdsün şərqini qurulması nəzərdə tutulan Fələstin dövlətinin paytaxtı etmək istəyirlərsə, İsrail bütün Qüds üzərində nəzarəti iddia edir. Şəhərin statusunun ərəblərlə yəhudilər arasında imzalanacaq sülh müqaviləsi ilə dəqiqləşəcəyinə görə dünya dövlətləri Qüdsü İsrailin paytaxtı olaraq tanımır.
Trampın Qüdslə bağlı qərarı İsraili məmnun etsə də, fələstinlilər tərəfindən etirazla qarşılanacağı gözlənilir.
ABŞ Konqresi İsrail səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qanunu 1995-ci ildə qəbul edib. Prosesin həyata keçirilməsi milli təhlükəsizliyi təhdid edəcəyi səbəb göstərilərək hər dəfə altı ay olmaqla təxirə salınır.
Tramp seçki kampaniyası dövründə Qüdsün İsrailin paytaxtı olaraq tanımağı vəd etmişdi. Ağ Evin keçmiş sözçüsü Şon Spayser səfirliyinin köçürülməsinin təxirə salınması ilə bağlı qərarnamənin imzalanması zamanı verdiyi açıqlamada "səfirliyin daşınıb-daşınmaması deyil, nə zaman daşınması müzakirə mövzusudur" demişdi.